Azərbaycan prezidenti BƏƏ-nin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisinin etimadnaməsini qəbul edib.

 

APA TV-nin məlumatına görə, səfir Mohamed Hamel Alqubaisi fəxri qarovul dəstəsinin qarşısından keçərək, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

 

Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin bir-birinə yaxın və dost ölkələr olduğunu vurğulayaraq ölkələrimiz arasında siyasi əməkdaşlığın çox yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu deyib. Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərlərinə toxunan dövlət başçısı ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu, iqtisadiyyat, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib. O, regional təhlükəsizlik məsələlərinin əhəmiyyətini vurğulayaraq, beynəlxalq terrorizmə qarşı mübarizənin zəruriliyini də qeyd edib.

 

Səfir M. Alqubaisi ölkəsində hər kəsin Azərbaycanı özlərinə dost ölkə hesab etdiklərini deyərək, qardaş ölkədə səfir olmağından məmnunluğunu bildirib və münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv