Bakı avtobuslarında yeni izləmə avadanlıqları quraşdırılır

Bakı avtobuslarında yeni izləmə avadanlıqlarının quraşdırılmasına başlanılıb. APA TV-nin xəbərinə görə, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə mərkəzindən məlumat verilib.

 

GPS treker adlanan bu telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, datçiklərin vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür. 

 

NİİM-in mətbuat katibi Şəfa Mehmanqızının sözlərinə görə, GPS izləmə avadanlığı ilə yaxın zamanlarda avtobuslarda olan qayda pozuntularına, demək olar, son qoyulacaq. Dayanacaqlara operativ, yenilənmiş, ən son məlumatlar çatdırılacaq.

 

GPS xüsusilə sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntular haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sisteminin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.

 

Qeyd edək ki, artıq paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarına izləmə avadanlıqlarının quraşdırılması işlərinə başlanıb. 43 marşrut xətti üzrə fəaliyyət göstərən 640 avtobusda izləmə avadanlığı quraşdırılıb. Əvvəlki avadanlıqlardan fərqli olaraq, yeni quraşdırılacaq izləmə cihazları avtobusda sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə quraşdırılıb. İstənilən kənar müdaxilə barəsində avadanlığın söndürülməsi, zədələnməsi və s. kimi hallar aşkarlanarsa, məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaq. Mühərrik işlək vəziyyətdə olmasa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar  ötürmək imkanına malikdir.

 

Müəllif | Apa.Tv