Əli Əhmədov: "Radikal müxalifətə dərs veririk"

Yeni Azərbaycan Partiyası prezident seçkiləri kampaniyasına kifayət qədər ciddi hazırlaşır. Partiyanın sədr müavini Əli Əhmədov keçirdiyi brifinqdə bildirdi ki, hakim partiya seçki kampaniyasına qoşulmuş bütün namizədlərə hörmətlə yanaşır. Ancaq İlham Əliyevin böyük şansını, həlledici üstünlüyünü aydın görmək olar: "Lakin bu bizi arxayınlaşdırmır və biz seçki kampaniyasına çox ciddi yanaşırıq".

 

Partiyanın sədr müavini bildirib ki, seçki kampaniyası zamanı mitinq, kütləvi aksiyalardan deyil, əsasən yeni texnologiyalardan istifadə edəcəklər. Əli Əhmədov həmçinin seçkidə Milli Şuranın namizədinin vaxtından əvvəl təşviqat işinə başladığını müşahidə etdiklərini söyləyib: "Biz etirazımızı bildirmişik. Bu gün də YAP MSK-ya etiraz məktubu göndərmək hüququnu özündə saxlayır. Lakin biz bunu etmirik, çünki YAP olaraq kifayət qədər böyük fərqə, şansa malik olduğumuz üçün rəqiblərmizdən birini sıxışdırıb aradan çıxarmaq taktikasını seçmədik. Bununla da radikal müxafətə mənəvi dərs vermək , atalıq qayğısı göstərmək istədik".

 

YAP funksioneri həmçinin müxalifətin hazırkı durumu barədə də danışıb: "Rüstəm İbrahimbəyov siyasətdə nəinki naşıdır, həm də qeyri-ciddi bir adamdır. Rüstəm İbrahimbəyovun son bəyanatları onu göstərir ki, o, siyasətə qoşularkən qeyri-ciddi adam imiş. Müxalifət kimə aldanmaq istəyirdisə, aldandı, müxalifət pis vəziyyətə düşmək istəyirdisə, elə pis vəziyyətə də düşdü. Bunu Rüstəm İbrahimbəyov elədi, başqası elədi, amma hesab edirəm ki, başlıca günahkar müxalifət özüdür".

 

Seçkidən sonra iqtidarın kadr siyasətinə gəlincə, Əli Əhmədov deyib ki, bu, yeni seçilmiş prezidentin səlahiyyətinə aid olan məsələdir.

 

Müəllif | Apa.Tv