Toyundan iki gün əvvəl itkin düşən bəydən xəbər var: onu “Əhmədli” metrosunda görüblər

Müəmmalı şəkildə itkin düşən Qəbələ rayon sakininin sağ olduğu məlum olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Soltannuxa kənd sakini, 1984-cü il təvəllüdlü Hətəmov Ramil Əhməd oğlu oktyabrın 1-də yaşadığı evdən çıxaraq Qəbələ şəhərinə gedib və bir daha geri qayıtmayıb.

 

Atası Əhməd Hətəmov APA TV-yə bildirib ki, Ramil Hətəmov bankomatdan pul götürmək və xarab olan mobil telefonunu düzəltdirmək üçün rayon mərkəzinə gedib və özünün toy mərasiminə hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib, lakin evə qayıtmayıb. Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ rayon Polis Şöbəsinə məlumat veriblər. İyirmi gündür hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun tapılması üçün axtarış tədbirləri görülsə də, hələ ki, bir nəticə əldə edilməyib.

 

Neçə gündür qəm-kədərə qərq olan Hətəmovlar ailəsinə oktyabrın 20-də sevinc bəxş olunub. Ramilin atası Əhməd Hətəmov deyir ki, ailənin yaxın qohumu oğlunu bu gün səhər saatlarında Bakı şəhərində, “Əhmədli” metro stansiyasında gördüyünü bildirib. O, görüşmək üçün Ramilə yaxınlaşsa da, onun qaçaraq ərazini tərk etdiyini bildirib. Ata oğlunun yalan danışmasından və nəyə görə gizlənməsindən çox məyus olduğunu bildirib. O, bəylə gəlinin rayonda keçiriləcək toy mərasimindən sonra Ramilin Bakıdakı evində yaşayacağını bildirib. Ramil atasına deyib ki, neçə vaxtdır Bakıdakı evdə təmir işləri görülərək başa çatdırılıb. Ata sonradan gedib görüb ki, həmin evdə toya hazırlıqla bağlı heç bir təmir işləri görülməyib. Ailənin toy mərasiminə hazırlaşdığı bir vaxtda bəyin gözlənilmədən qaçıb gizlənməsi hamını şoka salıb.

 

Ramilin qonşuları Saleh Ağadaşov və Şahin Əlifov da APA TV-yə onun heç kimlə şəxsi probleminin olmadığını, sakit təbiətli bir insan olduğunu bildiriblər və tezliklə sağ-salamat evinə qayıdacağına ümid etdiklərini bildiriblər. Qonşular onun hansı səbəbdən gizləndiyini bilməsələr də, buna çox təəccüblənirlər. Onların sözlərinə görə, Ramil Hətəmov itkin düşməsəydi, oktyabrın 3-də toy mərasimi olacaqdı. Ötən ay onun nişanlısı olan qızın toy mərasimi olub. Oğlan evində toy mərasimi üçün bütün hazırlıq işləri görülüb, dəvətnamələr qonaqlara paylanıb.

 

Əhməd Hətəmov oğlunun Azərbaycan Texniki Universitetinin radiotexnika və rabitə fakültəsinin məzunu olduğunu, Bakıda internet provayderi olan şirkətdə çalışdığını, aylıq qazancının yüksək olduğunu, pul borcunun və heç kimlə şəxsi ədavətinin olmadığını bildirib. Onun nişanlısı isə Qəbələnin Qəmərvan kəndində yaşayıb və bu il Bakı Dövlət Universitetinə daxil olub. Ramil Hətəmovun işlədiyi şirkətdən toya hazırlıqla əlaqədar məzuniyyətə çıxdığı bildirilir.

 

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov