Lənkəranda keçmiş məhkum həmkəndlisini qətlə yetirdi
Lənkəranda qətl hadisəsi baş verib. Lənkəran Rayon Polis Şöbəsindən APA TV-nin cənub bürosuna verilən məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Zahir Fərman oğlu Əsgərov şəxsi münaqişə zəminində yaxın tanışı və həmkəndlisi olan 40 yaşlı Müşfiq Məzahir oğlu Abdullayevə bir neçə bıçaq zərbəsi endirərək qətlə yetirib.
Hadisəni törətmiş Zahir Əsgərov hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Müşfiq Abdullayevin meyiti isə müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Qətlin motivləri barədə hələlik hər hansı bir məlumat verilmir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.