Çempionlar Liqası: Leverkuzendə 8 qol, "Arsenal" qalib gəldi - NƏTİCƏLƏR
Çempionlar Liqasında III turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, baş tutan 8 qarşılaşma ilə 4 qrupda I dövrəyə yekun vurulub.
E qrupunun lideri “Barselona” BATE-nin qonağı olub. Kataloniyalılar gözlənildiyi kimi qalib gəliblər - 2:0. “Bayer” isə öz meydanında qrupun autsayderi “Roma” ilə qarşılaşıb. Olduqca həyəcanlı və gərgin keçən oyunda 8 qol vurulsa da, matçda qalib müəyyənləşməyib - 4:4.
“Bavariya” lideri olduğu F qrupunun autsayderi “Arsenal”la görüşüb. "Topçular" öz meydanlarında 2 cavabsız qolla qalib gəlib. Hərəyə 1 qələbəsi olan “Olimpiakos”la Zaqreb “Dinamo”su isə 2-ci pillə uğrunda vacib əhəmiyyət kəsb edən matçda üz-üzə gəliblər. Yunanlar səfərdə minimal hesablı qələbəyə seviniblər - 1:0
Kiyev “Dinamo”su “Çelsi” ilə görüşdə liderliyinin təsadüf olmadığını sübut etmək istəsə də, nəticə hər iki komanda üçün də qənaətbəxş olmayıb - 0:0. Sonuncu pillənin sahibi “Makkab”ni qəbul edən “Porto” isə ciddi çətinliklə üzləşməyib - 2:0.
H qrupunun liderləri “Zenit”lə “Valensiya” da xal hesabını ev oyununda artırıblar. Şimallılar “Lion”u məğlub ediblər - 3:1. “Yarasalar” isə Belçika təmsilçisi “Gent”ə qalib gəliblər - 2:1.