Bakının ekzotik ağacları: onlar haradan gətirilir? - REPORTAJ

Son dövrlər paytaxtımızın yaşıllaşdırılmasında təbii gül kolları və ağaclarla yanaşı, müxtəlif ölkələrdən gətirilərək park və xiyabanlarda əkilən ekzotik bitkilər və ağaclar da mühüm yer tutur.

 

APA TV-nin məlumatına görə, bu bitkilər hər nə qədər göz oxşasa da, onların ölkəmizə gətirilməsi zamanı təbii-coğrafi mühit, o cümlədən şaxtalı havalara davamlılığının təmin edilməsi üçün müəyyən şərtlərə əməl olunması vacibdir.

 

Bakıda bu cür dekorativ gül kolları və ağaclara daha çox Dənizkənarı Bulvar ərazisində rast gəlindiyindən, onların hansı ölkələrdən gətirildiyi və bu zaman nələrin nəzərə alındığı maraq doğurur.

 

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bu ağaclar və bitkilər üçün əsasən hansı ölkəyə müraciət edildiyini açıqlayıb: "Bu ağacları adətən İtaliyadan alırıq. Çünki onlar başqa qitələrdən Avropaya gətirilərkən bir müddət İtaliyada adaptasiya olunur. İtaliyanın müəyyən bir ərazisi var ki, bizim Bakının iqliminə uyğundur".

 
İdarə rəsmisi gələcəkdə də bu cür dekorativ ağac və gül kollarının gətirilməsinin davam etdiriləcəyini bildirib. 

 
Qeyd edək ki, paytaxt parklarında əkilən ağac və güllərin çoxu Azərbaycana əsasən Hollandiya, Belçika, İspaniya, Almaniya və digər ölkələrdən gətirilir. Hazırda bulvar ərazisində bu və digər dövlətlərdən idxal olunan 32 növdə müxtəlif gül kolları, həmişəyaşıl ağac və digər bitkilər əkilib. Burada əcnəbi ölkələrdən gətirilən bitki növləri ilə yanaşı, Azərbaycanda geniş yayılan söyüd, çinar və qovaq ağacları da əkilib. Ölkəmizdə qışın bəzən şaxtalı keçdiyini nəzərə alaraq,  isti ölkələrin iqliminə uyğunlaşan bu bitkilərin soyuq havalarda məhv olmaqdan qorunması üçün əlavə tədbirlərin görülməsi zərurəti yaranır.


Bakı şəhər Kommunal Xidməti və Abadlaşdırma İdarəsinin rəis müavini Vəli Şahverdiyev bu istiqamətdə görülən işlərdən danışıb: "Bizdə palmanın bir növü var - sekaş palmaları. Onlar isti qabların içərisindədir, biz onları istixanalara yığırıq ki, qışda onları saxlayaq. Ekzotik ağacların gətirilməsində bir nömrəli məqsəd odur ki, bizim insanlarımız, Dənizkənarı Parkımızda gəzməyə gələn qonaqlar Azərbaycan ərazisində olmayan müxtəlif ölkələrdə, məsələn, Argentina, Braziliyada olan bitkiləri görsün".


Vəli Şahverdiyev qarşıdan soyuq ayların gəldiyini xüsusi vurğulayaraq, bu məqsədlə idarədə xüsusi fəaliyyət planının hazırlandığını bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv