Elmin İnkişafı Fondu növbəti qrant müsabiqələrinin nəticələrini açıqladı
Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində "Uşaq inkişafının qiymətləndirilməsi" kitabının təqdimat mərasimi və Dövlət Proqrammı çərçivəsində keçirilmiş "Gənc alim və mütəxəssislərin 3-cü qrant" və "Qarabağ tədqiqatları üzrə 3-cü Şuşa qrantı" müsabiqəsinin qalib layihə rəhbərləri ilə ənənəvi görüş keçirilib.
APA TV-nin məlumatına görə, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, “Uşaq inkişafının qiymətləndirilməsi” məktəbəqədər qiymətləndirmənin tarixi, qiymətləndirmə prosesinə istiqamət verilməsi üçün istifadə olunan ekoloji yanaşma, məktəbəqədər yaşlı uşaqların psixoloji qiymətləndirilməsi zamanı rast gəlinən etik məsələlər, əməl ediləcək proseduralar və qiymətləndirmə zamanı ümumi məsələlər barədə qiymətli mənbədir: "Kitabda həmçinin məktəb yaşı çatmış uşaqların fiziki, sosial və mənəvi, emosional, həmçinin nitq inkişafına dair məlumatlar, Kanada, Litva və bir sıra digər ölkələrdə məktəb yaşı çatmış uşaqların inkişafının qiymətləndirilməsində geniş istifadə olunan Uşaqların Skrininqi üçün Diaqnostik Vəsaitinin (USDV) yaranma tarixi, psixometrik xüsusiyyətləri, USDV-nin Azərbaycana kross-kultural adaptasiya prosesi də təfsilatı ilə təqdim olunur".
Elçin Babayev deyib ki, 3-cü “Şuşa qrantı” müsabiqəsi üzrə isə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrinə əsasən, ümumi maliyyələşdirilmə həcmi 500 000 manat olmaqla 24 layihə qalib olub. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi çərçivəsində layihələrdən ikisi Naxçıvanda həyata keçirilir.
Elçin Babayev Azərbaycanın digər regionlarından da gənc alim və mütəxəssislərin növbəti qrant müsabiqəsinin qalibi olmasını arzuladıqlarını söyləyib. Fondun icraçı direktoru deyib ki, Azərbaycan regionun siyasi və iqtisadi mərkəzinə çevrilib, qarşıda duran vəzifə Azərbaycanın regionun elmi mərkəzinə çevrilməsinə nail olmaqdır.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva qeyd edib ki, Elmin İnkişafı Fondunun uğurları Azərbaycanın uğurlarıdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Elmin İnkişafı Fondunun uğurlu layihələr həyata keçirdiyini nəzərə çatdırıb.
Kitab Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunub, nəşrin müəllifi Turanə Əliyevadır.