DSMF Lənkəranda regional vətəndaş forumu keçirdi

Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq oktyabrın 21-də Lənkəran şəhərində növbəti regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların  sığorta-pensiya sisteminə dair çoxsaylı sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb.


Müzakirələrin gedişində DSMF-nin şöbə müdiri Famil Qədimov ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 minə yaxın pensiyaçı, 3 milyon 136 mindən çox sığortaolunan  barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizindən çox hissəsini təşkil edir.


Təqdimatla çıxış edən DSMF-nin əməkdaşı Azəri Məmmədov tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.


DSMF-nin digər əməkdaşı Elnur İbrahimovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən “Açıq qapı günü” - regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

 

Müəllif | Apa.Tv