"BakuBuild-2015" sərgisi başladı
Bu gün Bakıda Xəzəryanı regionun inşaat sektoru üzrə ən böyük tədbiri - "BakuBuild-2015", XXI Azərbaycan Beynəlxalq İnşaat sərgisi işinə başlayıb.
APA TV-nin xəbərinə görə, "Xəzər İnşaat Həftəsi"nin başlanğıcını bildirən bu sərgi müxtəlif ölkələri təmsil edən bir çox mütəxəssis tərəfindən maraqla qarşılanıb. Sərginin hər il keçirilməsi inşaat materialları və xidmətlərinin həm yerli, həm də xarici istehsalçıları və istehlakçıları arasında tərəfdaşlıq əlaqələrinin qurulması üçün şərait yaratmaqla yanaşı, Azərbaycanda və xaricdə inşaat bazarının inkişafına yeni təkan verir.
"BakuBuild" sərgisi İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər. Bu il 500-dən artıq şirkətin daxil olduğu sərgi ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün zallarını, o cümlədən açıq meydançasını, eləcə də əsas foyesini əhatə edib.
Bu il "Xəzər İnşaat Həftəsi"ndə dünyanın 30 ölkəsindən 535 şirkət iştirak edir. İştirakçıların 40 faizə yaxın hissəsi isə ölkə bazarına bu il ilk dəfə daxil olan şirkətlərdir. Azərbaycan şirkətləri isə bütün eksponentlərin 49 faizini təşkil edir.
"BakuBuild" sərgisinin ənənələrindən biri də tədbirdə milli stendlərin fəal iştirakıdır. Bu il 7 ölkə öz milli pavilyonlarını təqdim edir. Həmin ölkələr arasında sərginin daimi iştirakçıları - Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, eləcə də builki debütantlar - Çexiya və Hindistan yer alır. Azərbaycan bazarına həmişəki kimi böyük maraq göstərən Türkiyə istehsalçıları sərgidə iştirak üçün geniş sahə rezervasiya ediblər. Beləliklə, bütün dünyada iqtisadi vəziyyətin mürəkkəb olmasına baxmayaraq, “BakuBuild” sərgisinin tərkibi yeni şirkətlər sayəsində daha da zənginləşir.
Satış təmsilçisi Zaur Muradov: "Biz 10 ildir bu sərgidə iştirak edirik. Hər il burda yeni şirkətlərlə tanış oluruq, əməkdaşlığımız olur. Yeni məhsullarımızı müştərilərə təqdim edirik. Mən deyərdim ki, Azərbaycan məhsulları xarici şirkətlərin məhsullarından bir az da yüksəkdir. Biz onlarla sağlam rəqabət aparırıq. Müştərilər də artıq yerli məhsullara inanır, etibar edir və onlardan istifadə edirlər".
Satış müdiri İbrahim Köse: "Bu sərgiyə biz iki ildir qoşuluruq. Özümüzün istehsal etdiyimiz inşaat, kənd təsərrüfatı, buna yaxın olan bütün malları gətiririk. Xırdavat olaraq ancaq biz qatılmışıq. Əlbəttə, buranı bir bazar düşünün. Hər kəsin toplandığı bazardır. Bura gəlirlər, nə istehsal etdiyini, nə işlə məşğul olduğunu görürlər. Bu da bizim üçün başarıdır. Hər il qatılacağıq".
Sərgidə təqdim olunan məhsulların çeşidi də artıb. Belə ki, bu il sərgi tikinti materialları, keramika məhsulları, üzlük daşlar, mərmər, lak-boya materialları, interyer üçün qapı və pəncərələr, dam və döşəmə örtükləri, mebellər, eləcə də yolların işıqlandırılması, yaşıllaşdırma, parkların abadlaşdırılması, metal və bürünc məmulatların tam çeşidini əhatə edir.
Qeyd edək ki, sərgi oktyabrın 24-dək davam edəcək.