Oğlunu yandıran ata: “Məqsədim evi və ailəmi külə döndərmək idi”
Bakıda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. Xəzər rayon Polis İdarəsinin 2 -ci polis bölməsinin rəisi Sahib Babayevin APA TV-yə verdiyi məlumata görə, oğlunun üstünə benzin tökərək od vuran Buzovna qəsəbə sakini Mehdiyev Aydın Kamil oğlu bu cinayəti məişət münaqişəsi zəminində törədib. Uzun illər Rusiya Federasiyasında yaşayan Aydın Mehdiyev bir neçə gün əvvəl evinə qayıdıb. Onun qayıdışı ailə üzvlərinin ürəyindən olmayıb, övladları və həyat yoldaşı Sahilə Qəmbərova onunla tez-tez mübahisə ediblər. Hadisə baş verən gün axşam evə gələn Aydın Mehdiyev qapının bağlı olduğunu görüb. Ailə üzvlərinin evdə olduğunu bilən Aydın onlardan qapını açmağı tələb edib, lakin həyat yoldaşı onu evə buraxmayacağını deyib. İckili olan kişi əsəbi vəziyyətdə həyətə çıxaraq maşınların birinin çənindən plastik qaba benzin doldurub. O, qabı qapının ağzına qoyaraq kənarda gizlənib. Bir qədər sonra Sahilə Qəmbərova qapını açıb, bu zaman Aydın Mehdiyev plastik qabdakı benzini həyat yoldaşının və oğlunun üstünə töküb. Qadın qaçaraq qapıdan uzaqlaşıb, Aydın Mehdiyev isə üstünə gələn 16 yaşlı oğlu Nəcməddin Əsgərova od vuraraq yandırıb. Hadisə yerinə gələn Xəzər rayon Polis İdarəsinin əməkdaşları Aydın Mehdiyevi saxlayıblar. Onun yandırdığı oğlu təcili Respublika Yanıq Mərkəzinə çatdırılıb, Nəcməddin Əsgərova bədənin ön və arxa səthinin hər iki yuxarı ətrafın üçüncü dərərcəli termiki yanığı diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, Nəcməddin Əsgərovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Aydın Mehdiyev polisə verdiyi ifadədə cinayətini etiraf edib. O bildirib ki, cinayəti törətməkdə məqsədi evini və ailə üzvlərini yandırmaq olub. Aydın Mehdiyev uzun illər Rusiyada yaşadığını, orada bəzi şəxslərə külli miqdarda borcu olduğunu, borcu qaytarmağa vaxt qazanmaq üçün Azərbaycana qayıtdığını deyib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.