Nəfəs borusuna nar dənəsi düşən 7 aylıq körpə öldü - FACİƏ
Zaqatalada valideyn və həkim məsuliyyətsizliyi 7 aylıq körpənin həyatına son qoyub.
Faciəli şəkildə ölən 7 aylıq Ruqiyyə Məmmədovanın dayısı Nurulla Muradovun APA TV-yə verdiyi məlumata görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı yaşadığı evdə oynayarkən nar giləsi yeyib. Bu zaman nar giləsi 7 aylıq körpənin tənəffüs borusuna düşüb.
Valideynləri çətin nəfəs alan Ruqiyyəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparıblar. Xəstəxananın reanimasiya şöbəsində həkimlər 7 aylıq körpəyə kömək edə bilməyəcəklərini gördükdən sonra valideynlərinə uşağı Şəki Mərkəzi Rayon Xəstəxanasına aparmağı məsləhət görüblər.
Körpənin dayısının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Bu səbəbdən körpəni Nurulla Muradovun maşını ilə həkim nəzarəti olmadan valideynləri Şəki MRX-ya aparıblar. Şəki MRX-da körpəni müayinə etdikdən sonra həkim valideynlərə kömək edə bilməyəcəklərini söyləyib və uşağı təcili Bakı şəhərinə çatdırmağı tövsiyə edib. Şəki MRX-da da çətin nəfəs alan uşağı Bakıya çatdırmaq üçün həkim nəzarəti və təcili yardım maşını təklif edilməyib. Əlacsız qalan valideynlər ölümlə çarpışan körpəni dayısının maşını ilə Bakıya aparmaq qərarına gəliblər. Bakıya gedərkən körpə Ağsu rayonu ərazisində keçinib.
Zaqatala MRX-dan APA TV-yə faktı təsdiqləyiblər. 7 aylıq körpəyə xəstəxanada lazımi tibbi yardımın göstərildiyi bildirilib.
7 aylıq Ruqiyyə Məmmədova bu gün doğulduğu Qımır kəndində torpağa tapşırılıb.