İranın Şərqi Azərbaycan vilayətinin valisi Gəncəyə gedib

İranın Şərqi Azərbaycan vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

 

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

 

Görüşdə bu ilin fevral ayında qardaşlaşan Gəncə ilə Təbriz şəhərləri arasında əlaqələrdən danışılıb, Gəncədə Təbriz, Təbrizdə Gəncə günlərinin təşkili, hər iki şəhərdə istehsal olunan məhsulların sərgisi, müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə ilə Təbriz arasında əlaqələrin daha da genişlənəcəyin bildirib və bundan sonra Təbrizdə istehsal olunan məhsulların Gəncədə sərgilənməsinə üstünlük veriləcəyini bildirib.

 

İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə iki şəhər arasında təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıqların qurulmasını, elmi konfransların keçirilməsini, iki qardaş şəhər arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsini arzu etdiklərini bildirib: "Gəncə ilə Təbriz arasında tarixi əlaqələr mövcud olub. Lazımdır bunu bərpa etmək. Burda və Təbrizdə mədəniyyət, sənaye və elm sahəsində əlaqələr yaradaq. Bu çərçivədə mədəniyyət günləri, sərgilər keçirməliyik".

 

Tədbirdə Təbriz Universiteti ilə Gəncə Dövlət Universiteti, Təbriz Tibb Universiteti ilə Gəncə xəstəxanaları, kənd təsərrüfatı sahəsində isə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq qurulması nəzərdə tutulduğu bildirilib.

 

Görüşdə əllə toxunan Gəncə xalçası İsmayıl Cabbarzadəyə, Təbriz xalçası isə Elmar Vəliyevə hədiyyə edilib.

 

Görüşdən sonra Gəncədə olan 2,5 kilometr uzunluğunda Təbriz küçəsində yerləşən barelyefin açılışında iştirak ediblər. Sonra qonaqlar Heydər Əliyev park-kompleksində yaradılan şəraitlə tanış olub, “İmamzadə” dini-memarlıq kompleksini, “Nizami” məqbərəsini ziyarət ediblər.

 

Sabah isə nümayəndə heyəti Gəncədə fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış olacaqlar və təhsil ocaqlarında görüşlər keçirəcək.

Müəllif | Apa.Tv
Apa.tv