Podolskidən möhtəşəm qol, "Qalatasaray" "Benfika"nı əliboş yola saldı - 2:1

Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində C qrupunun lideri, Portuqaliyanın "Benfika" klubunu qəbul edib.

 

APA TV-nin xəbərinə görə, "Qalatasaray" hesabda geri düşdüyü oyunda dönüş yaratmağı bacarıb və Çempionlar Liqasında 10 oyunluq fasilədən sonra meydanı qalib kimi tərk edib.

 

"Benfika" hesabı tez açıb. Artıq 2-ci dəqiqədə "Qalatasaray" qapısında qol görüb. Portuqaliya klubunun qolunu Qaytan vurub.

 

"Qalatasaray" erkən qolun şokunu qısa müddətdə geridə qoymağı bacarıb və oyuna nəzarəti ələ alıb. Bir neçə ardıcıl hücumdan sonra İstanbul klubu penalti qazanıb. 19-cu dəqiqədə Səlcuq İnan "Qalatasaray"ın bərabərlik qolunu vurub.

 

Bundan sonra da oyun üstünlüyünü qoruyan "Qalatasaray" 33-cü dəqiqədə hesabda irəli çıxıb. Lukas Podolski ustalığını nümayiş etdirib və topu sol ayağı ilə qapıçının ayaqları arasından tora göndərib.

 

Qarşılaşmanın ilk hissəsi "Qalatasatay"ın 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissədə komandalar bərabər oyun göstəriblər. Lakin klublardan heç biri qol vəziyyətlərindən yararlana bilməyib. Beləliklə, "Qalatasaray" çətin oyundan üç xal qazanıb.

 

Qrupun digər qarşılaşmasında Madrid "Atletiko"su Qazaxıstanın "Astana" klubunu 4:0 hesabı ilə məğlub edib.

 

Bu nəticələrlə üçüncü turdan sonra qrupda lider dəyişib. İstanbuldan xalsız ayrılan "Benfika" liderliyi "Atletiko"ya verib. Hər iki klubun 6 xalı var. "Qalatasaray" 4 xalla üçüncü, "Astana" isə 1 xalla sonuncu pillədədir. 

Müəllif | Apa.Tv
Apa.tv