Planetin ən yaşlı sakini Sabirabadda yaşayır
Bu günlərdə dünyanın aparıcı KİV-i planetin ən yaşlı insanının 112 yaşında Amerikada vəfat etdiyi barədə xəbər yayıb. Salustiano Sançes Blazkesin dünyanın ən yaşlı insanı kimi qələmə verilməsi yəqin ki, ən çox Sabirabad rayonunda narazılıqla qarşılanıb. Haqları da var, çünki onların həmyerlisi, Sabirabad rayonunun Qaratoğay kəndində yaşayan Həsənova Nübah Cabbar qızı Salustiano Sançes Blazkesdən düz dörd yaş böyükdür. Nübah Həsənova 1897-ci ildə Sabirabad rayonunun Qaratoğay kəndində dünyaya gəlib. Onun şəxsiyyətini təsdiqləyən sənədə əsasən, nənənin düz 116 yaşı var. İki övlad sahibi olan Nübah nənənin 10 nəvəsi, 30 nəticəsi və 2 kötücəsi var. Nəvələrinin əksəriyyəti Rusiyada yaşayır. Azərbaycanın ən yaşlı sakini adına iddialı Nübah nənə çətinliklə yeriyir, onun gözləri o qədər də yaxşı görmür, sözləri çətinliklə eşidir. Nənənin yaddaşı zəifləyib, lakin bəzi tarixi hadisələri dumanlı da olsa xatırlayır. Ən əsası isə yaşlı nəslin təbirincə desək, “erməni-müsəlman davasını” xatırlayır. Nübah nənədən ermənilərin ötən əsrin əvvəllərində bu ərazilərdə törədikləri vəhşiliklərin şahidi olub-olmadığını soruşduq. Nübah Həsənova APA TV-nin əməkdaşına dedi ki, ermənilər onların kəndinə kimi gəlib çıxıblar. Onlar qonşu Osmanlı kəndində evləri yandırıblar. Ermənilər toxunmasın deyə, anası Nübah nənənin üz-gözünü kömürlə, çirkabla eybəcər hala salıb və onu gizlədib.
Amma bizi başqa bir sual da düşündürür. Azərbaycan uzunömürlülər diyarı sayılsa da, planetin uzunömürlü insanları sırasında soydaşlarımızın adı yoxdur. Günah həm də özümüzdədir, uzunömürlü insanlarımızı bu cür siyahılarda qeydiyyatdan keçirməmişik. Lap elə "Ginnesin rekordlar kitabında". Ginnesin rekordlar kitabına əsasən, planetin ən qoca sakini yaponiyalı Ciremon Kimura bu il iyunun 12-də 116 yaşında dünyasını dəyişib. Əgər 116 yaşlı Nübah Həsənovanın adının Ginnesin rekordlar kitabına salınması üçün müraciət etsək və onun yaşını metrik ölçülərlə yoxlasalar, Nübah nənənin planetin ən qoca sakini olması faktı təsdiqlənər. İş yenə özümüzə qalıb.