"Borussiya" Bakıda: futbolçulara danışmaq qadağası qoyuldu
Bu gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qəbələ” ilə oynayacaq Almaniyanın “Borussiya” klubu ötən axşam Bakıya gəlib.
APA TV-nin məlumatına görə, Dortmund təmsilçisini paytaxtımıza gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Komandamızın yer aldığı C qrupunun liderini qarşılayanlar arasında jurnalistlər də olub. Lakin heç bir futbolçu “Qəbələ” ilə oyun barədə danışmaq istəməyib. Dortmundluların türk əsilli futbolçusu İlkay Gündoğan bildirib ki, onlara hava limanında danışmaq qadağası qoyulub.
Dortmund “Borussiya”sı Bakıya itkilərlə gəlib. Almaniya mətbuatının məlumatına görə, Bundesliqa təmsilçisi iki aparıcı oyunçusunu Bakıya gətirməyib. Baş məşçqi Tomas Tuhel yarımmüdafiəçi Henrik Mxitaryanla yanaşı, müdafiəçi Neven Subotiçin də Dortmundda qalmasını məsləhət görüb. Buna səbəb serbiyalı mərkəz müdafiəçisinin zədəsini hələ də sağalda bilməməsidir.
Əvəzində Marsel Şmeltser Bakıya gələn heyətə salınıb. Zədəsini sağaldan sol cinah oyunçusu “Qəbələ” ilə qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.
Qeyd edək ki, “Qəbələ” - “Borussiya” matçı bu gün saat 20:00-da başlayacaq.