Ağdaşda 7 məktəb istifadəyə verilib

Ağdaş rayonunun 7 kəndində yeni inşa olunan  məktəb binalarının açılışı olub. APA TV-nin məlumatına görə, təhsil ocaqlarının istifadəyə verilməsi münasibətilə keçirilən yığıncaqlarda çıxış edənlər bildiriblər ki, 180 yerlik Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx, Eymur və 80 yerlik Qaroğlan kənd məktəbi dövlət vəsaiti hesabına inşa olunub. İnşa olunan məktəblərin hamısında istilik sistemi quraşdırılıb, sinif otaqları, fənn kabinetləri, laborotoriyalar, yeməkxana, idman zalı və kitabxanalar maddi-texniki baza ilə təchiz edilib. Çıxış edənlər “Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara müasir məktəblərdə yeni-yeni uğurlar arzulayıblar. Sonra məktəb direktorları, müəllim və şagirdlər, kənd ağsaqqalları çıxış edərək bu yeni təhsil ocaqlarının inşasında əməyi olan insanlara təşəkkür ediblər. Daha sonra binaların açılışını bildirən rəmzi qırmızı lent kəsilib, birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çantalar və məktəbli ləvazimatları verilib, təhsil ocaqlarının maddi-texniki bazası ilə tanışlıq olub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov