Azərbaycandan Gürcüstana qaçmaq istəyən İŞİD-çi tutuldu

Oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonunun I Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Babək Pərviz oğlu Şirinov saxlanılıb.

 

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş Babək Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub.

 

Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqatala rayonunun Əliabad kənd sakini Əfqan Niyazi oğlu Şamxalov da saxlanılıb.

 

Oktyabrın 18-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçmağa müvəffəq  olub.

 

Oktyabrın 20-də Ağstafa rayonunun ərazisində yerləşən “Dəmirtəpə” sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini Elsevər Rasim oğlu Məmmədov Gürcüstandan Azərbaycana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılıb.

 

Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv