Ağsuda taksi sürücüsü evinin qarşısında güllələndi

Ağsu rayonunda qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağsu şəhərində qeydə alınıb.

 

1977-ci il təvəllüdlü rayon sakini Tərlan Əzizbala oğlu Baxışov ov tüfəngindən atəş açaraq həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şamxal oğlunu vurub. Yaşadığı evin qarşısında güllələnən Rüstəm Osmanov hadisə yerində dünyasını dəyişib.

 

Qətli törədən Tərlan Baxışov saxlanılaraq istintaqa təhvil verilib. Rayonda dindar kimi tanınan və bağçılıqla məşğul olan Hacı Tərlan tanışı Rüstəmi ona olan pul borcuna görə aralarında baş verən mübahisə zamanı qətlə yetirdiyini bildirib. Məlumata görə, Rüstəm əvvəllər Tərlanın avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərərək, Ağsudan Bakıya sərnişin aparıb. Sonra Rüstəm özünə avtomobil alaraq fəaliyyətini davam etdirməyə başlayıb. Onların arasında şərik işlətdikləri avtomobilə görə borc pul problemi yaranıb. Onların telefon danışığı zamanı bir-birini təhqir etməsi görüşlərinin qanlı sonluqla bitməsinə səbəb olub.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov