Baş geoloq: "Avtovağzalın istinad divarı sökülməlidir"

Bir neçə gündür Bakı Beynəlxalq Avtovağzalı qarşısındakı yolda çökmə müşahidə olunur. APA TV-nin xəbərinə görə, sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri aparılsa da, bərpa olunan sahələrdə çatlar getdikcə daha da dərinləşir.

 

Bu gün ərazidə çəkiliş apararkən biz də bunu müşahidə etdik.

 

Əraziyə çatanda həmin hissədə təmir işlərinin getdiyinin şahidi olduq. Fəhlələr kamera önündə danışmaq istəməsə də, şifahi olaraq bildirdilər ki, işlərin nə zaman başa çatdırılacağı barədə onlarda hər hansı məlumat yoxdur. Çöküntü sahəsində faktla bağlı açıqlama verə biləcək səlahiyyətli şəxs tapmadığımızdan, üz tutduq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə. Xidmətin Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirdi ki, çöküntü prosesinin davam etdiyi 7-8 gün ərzində rəhbərlik etdiyi ekspedisiyanın əməkdaşları ilə bir neçə dəfə əraziyə baş çəkib: "Hadisə müəyyən texnogen proseslərin, daha doğrusu, əraziyə su kütləsinin yığılması nəticəsində baş verib. Bu da istinad divarı arxasına tökülmüş olan torpağı məhlul halına salıb və nəticədə orada çökmə prosesi baş verib. Həmin çökmə də istinad divarlarından 70 santimetrədək avtovağzal binasına doğru irəliləyib ".

 

Mütəxəssis çökmə zonasında yaranan problemin kökündən həlli üçün çıxış yolu da təklif edir. O, hazırda aparılan bərpa işlərinin müvəqqəti xarakter daşıyacağı qənaətindədir. Ə.Piriyev hesab edir ki, istinad divarı sökülməli və yenidən bərpa olunmalıdır.

 

Mütəxəssis əlavə edib ki, yağışlar intensiv xarakter alacağı təqdirdə, sürüşmə-çökmə prosesi daha da aktivləşəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv