Yüksək sürət və artıq yük ölümə səbəb oldu
Bakı-Qazax yolunun 56-cı kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin bölgə müxbiri xəbər verir ki, "57 BJ 477" dövlət nömrə nişanlı "KamAZ" markal avtomobil sürəti düzgün seçməyərək yol kənarında duran iki yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində "57 BJ 477" nömrə nişanlı "KamAZ" markal avtomobil qarşısındakı "35 BB 640", "57 BO 803" və "30 BE 744" nömrə nişanlı digər "KamAZ"lara dəyərək onları yoldan çıxarıb. Hadisənin səbəbkarı Əliyev Aqil Məhərrəm oğlu olay yerindəcə ölüb. Digər üç sürücü isə ağır şəkildə yaralanıb. Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış yük avtomobilindən Əliyev Aqil Məhərrəm oğlunun cəsədini xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Yaralılar əzilmiş maşınlardan çıxarıldıqdan sonra dərhal xəstəxanaya aparılıblar. Hadisə şahidlərinin sözlərinə görə, günah normadan artıq yük vuran və olduqca yüksək sürətlə hərəkət edən "57 BJ 477" dövlət nömrə nişanlı "KamAZ" markal avtomobilin sürücüsü Əliyev Aqil Məhərrəm oğlunda olub. Qəzadan dərhal sonra magistral yola dağılmış daş başqa maşınlara yüklənərək ərazidən çıxarılıb. Qeyd edək ki, hadisə nəticəsində Bakı-Qazax yolunda böyük tıxac yaranıb. DYP əməkdaşları nəqliyyatın hərəkətinin bərpası üçün səy göstəriblər.