Astarada naringi yığımı - REPORTAJ
Lənkəran-Astara zonasına əbəs yerə subtropik diyarı demirlər. Bu torpaqda min bir zəhmət hesabına becərilib ərsəyə gətirilmiş limon, feyxoa, naringi, portağal bağları Azərbaycanın kənd təsərrüfatında unikal sahə olan sitrusçuluğun əsasını təşkil edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, 90-cı illərə qədər Lənkəran, Astara və Masallı rayonlarında sitrusçuluq şəxsi təsərrüfatlarla yanaşı, ictimai təsərrüfatlarda da yüksək inkişaf edib. Həmin dövrlərdə Lənkəran və Astara rayonlarında ixtisaslaşdırılmış sitrus sovxozları fəaliyyət göstərib. Elə ailələr olub ki, bir mövsümdə yetişdirdiyi məhsulun pulu ilə iki “Jiquli” maşını alıb. Ən başlıcası isə sitrusçuluğun inkişafı üçün münasib şərait mövcud olub, məhsulun yığımından tutmuş satışına qədər bütün məsələlər yerindəcə həllini tapıb.
Amma bu gün ictimai təsərrüfatlardan əsər-əlamət qalmayıb. Bölgədə sitrusçuluq əsasən fərdi qaydada inkişaf etdirilir. Astaranın dağlıq yaşayış məntəqələrinin sakinlərinin də əsas məşğuliyyətini sitrusçuluq təşkil edir. Rayonun Ojakəran kənd sakinləri bir neçə gündür ki, naringi yığımına başlayıblar. Uzun illər sitrusçuluqla məşğul olan kənd sakini Seyidağa Məlikov 50 sot torpaq sahəsində naringinin iki növünü yetişdirib. Hazırda tədarük etdiyi naringi “Karlo” deyilən nazik qabıq və tez yetişən növə aiddir. Seyidağa kişinin sözlərinə görə, bu ilki məhsuldarlıq ötən ilkindən nəzərə çarpacaq dərəcədə yüksəkdir: "Biz əsasən iki sort naringi yetişdiririk - nazik qabıq, bir də qalın qabıq. Nazik qabıq naringinin indi yetişən vaxtıdır. İki qrup yola salmışıq. İndi bundan sonra o məhsul da yetişəcək, onun ardınca onu da yola salarıq. Məhsulumuz boldur, bu il yaxşı məhsul yetişib".
Sitrusçular məhsul bolluğunu havaların əlverişli keçməsi və ağaclara düzgün aqrotexniki qulluğun göstərilməsi ilə əlaqələndirirlər. Sitrusçu Təhmasib Məlikovun fikrincə, ötən illə müqayisədə naringinin məhsuldarlığı 30-40% artıq olacaq: "Keçən il 5-6 ton məhsul yığdıq. Bu il bir az çox olar, 8 tona yaxın məhsul gözləyirik. Orta hesabla hər ağacın 20-25 kq məhsul verəcəyini düşünürük".
Qeyd edək ki, məhsul bolluğu sitrusçuları sevindirsə də, qiymətin indidən aşağı olması və getdikcə daha da düşə bilmək ehtimalı onların ciddi narahat edir. Sitrusçuların sözlərinə görə, ötən ilin bu vaxtlarında naringinin bir kiloqramını onlar elə qapılarında 1 manat 50 qəpiyə, 2 manata satırdılar. Hazırda isə naringinin bir kiloqramını 80 qəpik-1 manat civarında satmaq müşkül məsələ çevrilib. Təhmasib Məlikov qiymətlərin bu cür enməsini bir neçə amillə bağlayırlar. Birinci amil sitrus məhsullarının əsas satış bazarı sayılan Rusiya Federasiyasına naringini aparmağın qeyri-mümkünlüyü, ikinci amil isə paytaxt Bakıya rayon maşınlarının buraxılmaması, nəticədə tədarük edilmiş məhsulu bazara çıxara bilməməsi, sonuncu - üçüncü amil isə qonşu respublikalardan ölkəmizə sitrus məhsullarının gətirilməsi göstərilir: "Qiymətlər düşə bilər. Əgər bizim respublikamıza xaricdən məhsul gəlməsə, biz yaxşı qiymətə məhsulumuzu sata bilərik. Gələndə qiymətlər 10-20 qəpik aşağı düşür. Gürcüstandan gəlir, Türkiyədən gəlir, İrandan gəlir. Gəlməsə, yaxşı olar. Bizim öz məhsulumuz daxili bazarımızı tam təmin edə bilər".
Qeyd edək ki, ötən il Astara rayonunun naringi bağlarından 24 min tondan artıq məhsul tədarük olunub. Bu il isə bu rəqəmin 35 min tonu keçəcəyi proqnozlaşdırılır.