Səlim Müslümov Şamaxıda qəbul keçirdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şamaxı rayonunda bölgə vətəndaşlarını qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, nazir Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək onların müraciətlərinə baxıb, şikayət və təkliflərini dinləyib.
Vətəndaşlar əsasən məşğulluğun və əmək hüquqlarının təminatı, mənzil və minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanma, bərpa müalicəsi və reabilitasiya vasitələri, əlil arabası, sanator-kurort yollayışı ilə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, bir sıra vətəndaşlara müraciətləri ilə bağlı hüquqi məsləhətlər verilib. Səlim Müslümovun göstərişinə əsasən müraciətlərin bir qismi elə yerindəcə həll olunub, o cümlədən bir sıra vətəndaşlara münasib iş yerlərinə göndərişlər verilib, qəbula gələn bir nəfər əlilliyi olan şəxs müraciətinə uyğun olaraq əlil arabası ilə təmin olunub.
Qəbul zamanı vətəndaşlar müharibə əlilləri və şəhid ailələri üçün yeni mənzillərin inşa olunmasına, imtiyazlı şəxslərin minik avtomobilləri təminatına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Qəbula gələn ayrı-ayrı şəxslərin müraciətləri nazirliyin fəaliyyət sahələrinə aid olmadığından həmin müraciətlər aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.