Qax rayonunda yeni tikilən ev yandı: 2 yaralı

Qax rayonunda yeni inşa edilən evdə partlayış baş verib. Evdə təmir işləri aparan iki usta yanıq xəsarəti alıb. Hadisə rayonun Zərnə kəndində Əfəndi Məmmədova məxsus yeni inşa edilən birmərtəbəli, 4 otaqlı evdə baş verib. Orada usta kimi işləyən rayonun Turaclı kənd sakini, 20 yaşlı İsmayıl Hüseyinli və Marsan kənd sakini, 37 yaşlı Yalçın İbişov Əfəndi evin döşəməsinə “dolgu” adlanan kimyəvi boyanı sürtən zaman qəfildən partlayış olub. Partlayışdan sonra İsmayıl Hüseynlinin və Yalçın İbişovun işlədiyi otaqda və evin balkonunda qısa müddətli alovlanma baş verib. Nəticədə evin balkonunun bir hissəsi yanaraq yararız hala düşüb. Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin Qax rayon  Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyi nətəcəsində evin yanmasının  qarşısı dərhal alınıb. İsmayıl Hüseynli və Yalçın İbişov isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, İsmayil Hüseynliyə bədəninin 45 faizi yandığı üçün 1-ci və 2-ci dərəcəli texniki yanıq dioqnozu qoyulub. Onun vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Yalçın İbişovun bədənində yanıq xəsarətlərinin yüngül olduğu üçün xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Faktla bağlı Fövqaladə Hallar Nazirliyinin Qax rayon  Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov