Daha bir qrup müharibə əlilləri və şəhid ailələrinə yeni mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş daha 9 mənzili müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, mənzillərdən 6-sı Gəncədə şəhərində, 3-ü isə Mingəçevirdə qeyd olunan şəxslərə təqdim olunub.

 

Ailə üzvlərinin sayına görə hər biri 2 və ya 3 otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb. Mənzillərin istifadəyə verilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov müharibə əlilləri və şəhid ailələrinin rifah halının yüksəldilməsinin, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işlərindən danışıb.

 

Azərbaycan prezidenti İlham Əliyevin sosial inkişaf kursunda mühüm yer tutduğunu diqqətə çatdırıb. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamının bu sahədə mühüm irəliləyişə şərait yaratdığını vurğulayan nazir müavini sərəncamın icrası işlərinin nazirlik tərəfindən uğurla yerinə yetirildiyini bildirib: "Prezidentin tapşırığına uyğun olaraq Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil problemlərini yaxşılaşdırmaq, onları mənzillə təmin etmək sosial proqramı uğurla davam etdirilir. Bu günə qədər 5 mindən artıq Qarabağ əlili və şəhid ailəsi artıq öz mənzillərinə yiyələnib. Bu ildə bu proqramın davamını görürük. Nəzərinizə çatdırmaq istəyirəm ki, prezidentin sərəncamı və tapşırığına uyğun olaraq 2014-2018 ci illər ərzində ev növbəsində duran bütün Qarabağ əlilləri və şəhid ailələri mənzillə təmin olunmalıdır. Biz nazirlik olaraq bu məsuliyyəti dərk edirik və bu istiqamətdə intensiv şəkildə işlərimizi davam etdiririk".

 

Yeni mənzillə təmin edilən müharibə əlilləri və şəhid ailələri mənzilə sahib olmağın hər bir ailənin firavan həyatı üçün ən yaxşı məsələlərdən biri olduğunu və onların istifadəsinə verilən bu gözəl, rahat mənzillərində də yaşayışlarına xeyli rahatlıq gətirdiklərini qeyd edərək, belə böyük diqqət və qayğıya görə prezident İlham Əliyevə daim minnətdar olduqlarını vurğulayıblar.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli