Dövlət Sərhəd Xidmətində 9 ayın yekunları müzakirə olundu
Oktyabrın 23-də Dövlət Sərhəd Xidmətində cari ilin doqquz ayının xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə məruzə ilə çıxış edib.
Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci ilin doqquz ayının sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə cənab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş digər vəzifələrin icrası, dövlət sərhədinin toxunulmazlığının və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi ilə əlamətdar olduğu bildirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını orden və medallarla, fəxri adlarla təltif etməsi, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmiləri ilə tanış olmasının şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi və məsuliyyət hissi ilə qarşılanması xüsusi vurğulanıb.
Xidməti müşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin DSX qarşısında qoyduğu tapşırıqlar və onlardan irəli gələn məsələlər müşavirə iştirakçılarına çatdırılıb, DSX-nin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilmiş, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi, şəxsi heyətinin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.