Ağcabədidə meyiti tapılan iş adamının oğlu: "Üstündə olan 9 min manat yoxdur, atamı öldürüblər"
Ağcabədidə oktyabrın 17-də itkin düşən və meyiti oktyabrın 22-də Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində aşkarlanan Valeh İsmayılov dəfn olunub.
Mərhumun yeznəsi Mahir Cəfərov bildirib ki, meyit İmişli kanalından tapılıb: "Polis əməkdaşlarının köməkliyi ilə meyiti götürüb gəlmişik. Apardıq dəfn elədik".
Mərhumun oğlu Elmin İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, atası itkin düşəndə üstündə olan 9 min manat meyitinin üzərində aşkarlanmayıb. Onun sözlərinə görə, Valeh İsmayılovun cibindən siqaret qutusu, alışqan və balaca bıçaq tapılıb. Lakin nə pul, nə də şəxsiyyət vəsiqəsi olub. Meyitə baxış keçirilərkən boyun nahiyəsində olan sıyrıq da mərhumun yaxınlarının diqqətindən qaçmayıb. Onlar Valeh İsmayılovun heç bir psixoloji problem yaşamadığını, onun ailəsini tərk edəcək adam olmadığını deyirlər: "Baş nahiyəsində yara var idi. Onun nə olduğunu ekspert müəyyənləşdirəcək. Biz bilmirik. Amma ora zərbə dəydiyindən şübhələnirik".
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən isə APA TV-yə bildirilib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.
Valeh İsmayılovun qətlə yetirildiyini iddia edən yaxınları hadisənin üstünün açılmasını istəyirlər. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin qəsd və ya intihar olması dəqiqləşdirilir.
Xatırladaq ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 59 yaşlı Valeh İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Bundan öncə isə Ağcabədi şəhərində xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 56 yaşlı Fatma Yadulla qızı Məhərrəmova 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi 14 ünvanında qeydiyyatda olan 40 yaşlı Vüqar Hümbətov isə bu il mayın 27-də itkin düşüb.