Əmisinin qızıllarını oğurlayıb istirahətə gedən gənc tutuldu - TƏFƏRRÜAT

Əmisinin evindən oğurluq edib Bakıya istirahətə yollanan gənci Gədəbəy polisi saxlayıb. Polis onun üzərindən oğurladığı qızıl zinət əşyalarının bir qismini maddi sübut kimi götürüb.

 

APA TV-nin məlumatına görə, onun digər cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

 

Gədəbəy sakini Razim Mehdiyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Söyüdlü kəndindəki mənzilindən xeyli miqdarda qızıl əşyalarının və nağd pulun  oğurlandığını bildirib. Zərərçəkənin müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan Gədəbəy polisi oğurluğun üstünü aça bilib. Məlum olub ki, Razim Mehdiyevin mənzilindən oğurluq edən onun qardaşı oğlu Bahəddin Mehdiyevdir.

 

Müstəntiq Şahin Rzayev bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakini Mehdiyev Bahəddin Akif oğlu 19 oktyabr 2015-ci ildə əmisi Mehdiyev Razim Novruz oğlunun evinə daxil olaraq, oradan qızıl-zinət əşyalarını və nağd pul oğurlayıb. Mehdiyev Bahəddin Akif oğlu şübhəli şəxs qismində tutulub.

 

Bahəddin Mehdiyev oğurladığı qızıl-zinət əşyalarının bir qismini Şəmkir rayonunda satıb. Sonra isə istirahət məqsədilə paytaxt Bakıya yollanıb. Bir neçə gün paytaxtda əylənən Bahəddin yenidən doğma rayonuna qayıdıb: "Qızılların bir hissəsini Şəmkirdə satıb Bakıya getdim. Sonra isə Gədəbəyə qayıdanda polislər tutdular".

 

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv