Pakistanda Aşura terrorları: 26 ölü

Pakistanın şimal-qərbindəki Sind əyalətinin Ceykobabad şəhərində terrorçu-intiharçı partlayış törədib.

 

APA TV "Reuters"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 16 nəfər ölüb, 40 adam xəsarət alıb.

 

Partlayış Aşura günü münasibətilə keçirilən mərasim zamanı baş verib. Yerli polisin nümayəndəsi ölənlərin sayını və partlayışın terrorçu-intiharçı tərəfindən törədildiyini təsdiqləyib. Partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

 

Daha bir terror aktı isə Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin şiə məscidində törədilib. Bu partlayışı da terrorçu-intiharçı həyata keçirib. Məsciddəki partlayış nəticəsində azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

BMT-nin baş katibi Pan Gi Mun Pakistanda Aşura mərasimlərindəki terror aktlarını pisləyib. O, bəyan edib ki, heç nə terrora haqq qazandıra bilməz. BMT rəhbəri Pakistan hakimiyyətini günahkarların tapılması, eləcə də pakistanlıların müdafiəsi üçün tədbirlər görməyə çağırıb.

 

Müəllif | Apa.Tv