Oğuzda ağır qəza: QHT rəhbəri öldü

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü İlqar İlyas oğlu İlyaslı idarə etdiyi “Chery” markalı 90 KR 371 dövlət nömrə nişanlı  minik avtomobillə ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. 

 

Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İlqar İlyaslı Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən İlqar İlyaslı "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyinin sədridir.

Müəllif | Apa.Tv
Apa.tv