Peşəkar hərbçi, peşəkar jurnalist, şərəfli ölüm - İLQAR VERDİYEVİN XATİRƏSİNƏ
O, təkcə yaxşı hərbçi yox, həm də peşəkar jurnalist idi. Yaşasaydı, 40 yaşını qeyd edəcəkdi.
Atası Tapdıq Verdiyevin dediyinə görə, xidməti başa vurmağına iki ay qalmışdı: "Artıq 20 ili tamam olmuşdu".
Anası Rəna Verdiyeva üçün İlqarsız yaşamaq çox çətindir: "Elə bil 3 il mənə 30 ildir. Bəlkə yatanda 4-5 saat onu fikirləşməyəm. Elə gün olmaz ki, mən onu fikirləşib ağlamayım".
İlqar Verdiyev 1975-ci il oktyabrın 31-də anadan olub. Uşaqlıqdan hərbçi olmaq arzusunda olan İlqar 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına liseyə daxil olur. 1990-cı ilin 20 yanvar hadisələri zamanı məktəbdən imtina edir.
Atası deyir ki, İlqar uşaqlıqdan taxtadan silah düzəldirdi: "Onu küçədən yığmaq olmurdu. Elə o vaxtdan hərbiyə maraq yaranmışdı onda".
Anası Rəna xanımın sözlərinə görə, əmisi oğlu Xəlil Verdiyevin şəhid xəbərini alandan sonra orduya yenidən qayıtmaq qərarına gəlir. 36 illik ömrünün 20 ilini orduda keçirir: "Dedi, rus ordusu bizim xalqımızı qırıb. 1990-cı ilin yanvarında gəldi, 92-ci ilin may ayında yenidən qayıtdı. Dedim, İlqar niyə gedirsən yenidən? Dedi, yox, mən getməliyəm. Yenidən qəbul olundu. Vətənpərvərlik onda o qədər güclü idi ki, torpağı, xalqını, vətənini çox sevirdi. Mən İlqarın mənəvi dəyərlərini, mənəviyyatını o qədər tanımırdım".
İlqar 1992-ci ildə Türkiyəyə təhsil almaq üçün göndərilən ilk hərbçilərdən olur. Artıq ikinci kursdan ailəyə təşəkkür məktubları da gəlir. Azərbaycana qayıtdıqdan sonra istehkamçı mühəndis kimi bir neçə hərbi hissədə çalışır. Orada təhsil alarkən ingilis dilinə və kompüter proqramlarına mükəmməl yiyələnir. Yoldaşları da ona "kompüter canavarı" deyirdilər. Qazandığı biliklər onu Müdafiə Nazirliyinə gətirir. O, burada da qısa zaman ərzində jurnalistlərin dostuna çevrilir. Atasının bu xəbərə reaksiyası belə olur: "Dedilər, İlqar Verdiyev jurnalistlərin dostu adını aldı. Hərdən zarafatla deyirdim ki, necə olur ki, bu, hamının dostu olur".
2002-ci ildə ailə quran İlqarın iki oğlu dünyaya gəlir. Bir müddət sonra atasını və anasını itirmiş baldızı qızını da övladlığa götürür. Uzun müddət nazirlikdə çalışdıqdan sonra İlqara cəbhə bölgəsində xidmət etmək tapşırığı verilir.
Rəna xanım İlqarın əsgərlərə qayğısından fəxrlə danışır: "Deyirdi, bilirsiniz mən əsgərlər üçün necə şərait yaratmışam, hamam düzəltmişəm, yaşıl qazon salmışam. Axırıncı Novruz bayramında şirniyyat göndərmişdik. Zəng edib dedi ki, əsgərlərlə birlikdə yedik onu".
İyunun 12-də yayılan dəhşətli xəbər onu tanıyanlar üçün faciəyə çevrildi. İyunun 9-dan 10-a keçən gecə Goranboy istiqamətində təmas xəttində mina partlaması nəticəsində İlqar Verdiyev və Zahir Məmmədov ağır yaralanır.
Atası Tapdıq Verdiyev: "İlqarın komandiri minaya düşür, istəyir ki, ona kömək etsin, bu da sol qolu üzərinə minaya düşür. Onun ayağı, İlqarın da qolu kəsilir. Ayın 14-də bura gətirdilər, ancaq xilas etmək mümkün olmadı".
Anası Rəna Verdiyeva: "Hər şeyini özü dərk etdi, bilirdi vəziyyət nə yerdədir. Bilmədim ki, o, həmin an nə fikirləşdi. Mən tez qaçdım təcili yardımdan düşürəndə onu başdan ayağa qədər öpdüm. Gördüm bir üzü qapqaradır, qışqırdım. Gözünü açdı və yumdu".
İlqarın vaxtilə yaşadığı evin qapıları bağlıdır. 3 ildir bu otağın qapısı ancaq təmizlənərkən açılır. İlqarın uşaqları Bakıda məktəbə getdikləri üçün orada yaşayırlar. Bu otaq isə indi onun kiçik bir muzeyinə çevrilib. Sahibinin ömrü kimi dayanmış qol saatı, fəxri fərmanlar, medallar - hər şey olduğu kimi qalıb. Türkiyədə hədiyyə edilən qılınc da əşyalar arasındadır. Bu qılıncla o, nişan tortunu kəsmişdi.
Anasının sözlərinə görə, İlqar şəhid olacağını öncədən hiss edibmiş: "Çox çətindir, ölümü başqa cür çətindir. Ancaq bu ev mənə dağdır. Bura gələndə İlqarın səsini eşidirəm, uşaqlarının səsini eşidirəm. Qardaşına hamısını deyibmiş. Deyib ki, məndən sonra sənsən böyük oğul, elə bil hiss edibmiş".
İndi Verdiyevlər ailəsində İlqarın adını daşıyan bir oğul böyüyür. Qardaşı oğluna şəhid əmisinin adı verilib. Balaca İlqar bu ailənin ümidi, təsəllisidir: "Allahdan arzu edirəm ki, bütün xasiyyəti İlqar kimi olsun. Ancaq ömrü ona oxşamasın!"