Rusiyadan Avropaya jest: qazın qiyməti minimuma endirilir
"Qazprom" Avropaya satdığı qazın dəyərini 11 il ərzində azaldacaq. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, şirkət 2016-cı ildə Avropa bazarına mavi yanacağı hər 1000 kubmetr üçün 200 dollara satacaq.
Cari ildə bu region üçün ortalama qiymət hər min kubmetr qaz üçün 238 dollar təşkil edib. Bu, Türkiyə və Avropa regionu da daxil olmaqla, son 11 ildə təklif edilən ən minimal qiymətdir. Şirkətdən bildirilib ki, növbəti ildə Avropaya nəql olunan qazın həcmi stabil olaraq qalacaq. Yəni avropalılar həmin il ərzində 160 milyard kubmetr mavi yanacaq ala biləcək.
"Qazprom" qazın qiymətini neftin 6-9 ay ərzindəki mümkün dəyərini nəzərə almaqla müəyyən edir. Bununla da cari il ərzində "qara qızıl"ın qiymətindəki azalmanı nəzərə alan şirkət rəsmiləri satdıqları mavi yanacağın dəyərini azaltmaq qərarına gəlib. Bildirilir ki, 2015-ci ildə "Qazprom" mavi yanacağın dəyərini 2013-cü ildəki 349 dollardan 239 dollaradək aşağı salıb. Ekspertlərin fikrincə, bununla Rusiya özünün Avropa bazarındakı payını aşağı qiymətlərin hesabına qoruyub saxlamaq niyyətindədir.
Qeyd edək ki, bu ilin aprel ayında Avrokomissiya Avropanın antiinhisar qanunvericiliyini pozduğuna görə "Qazprom"a xəbərdarlıq edib. Lakin şirkət bu ittihamları qəbul etməyərək, Avropa Komissiyası ilə danışıqlara hazır olduğunu bəyan edib. Problemin ümumi həll yolunun tapılması istiqamətində danışıqlar bu ilin oktyabr ayının əvvəlindən başlayıb.