Rus pravoslavlarının Azərbaycandakı rəhbəri Aşura günü qan verdi
Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA TV-yə açıqlamasında deyib ki, Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası saat 7:30-da başlayıb.
Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyaların ölkənin 14 məscidində keçirilməsi nəzərdə tutulub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbəri Aleksandr Ata qanvermə aksiyasına qatılaraq birgə qan veriblər. Allahşükür Paşazadə qeyd edib ki, zəncirlə qan çıxarmaqdansa, ehtiyacı olanlara qan vermək daha savabdır. O əlavə edib ki, Azərbaycan torpaqlarının işğal atında olduğu bir vaxtda başqa dövlətlərdə döyüşmək, müsəlmanların başını kəsmək çox yanlışdır: "Vətənini sevməyənin imanı da yoxdur, belələri cəzalarını çəkəcəklər. Xalqımız bir olsa, heç vaxt ölkədə hər hansı arzuedilməz hadisə, qarışıqlıq baş verməz. Xalqımız arasında birlik var və biz dövlətimizin arxasındayıq".
Gəncədə bir qrup insanın məsciddən İmamzadəyə piyada yürüş etmək istəyinə polisin müdaxilə etməsinə isə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı münasibət bildirib. Qeyd edib ki, ziyarətgaha qədər məsafə böyükdür, haqlı olaraq yürüşə icazə verilməyib. Gəncədəki Şah Abbas məscidində Aşura ilə bağlı mərasim bu gün keçirilir. İmamzadə kompleksində böyük abadlıq işləri görülür: “Bəzilərinin ziyarətgahın, məscidin bağlandığını demələri yanlışdır. Heç kim məscidi bağlamayıb".
Sədrin fikirlərinə əlavə olaraq Allahşükür Paşazadə insanların Aşura zamanı İmamzadədə toplanmasına icazə verdiyini bildirib. Əlavə edib ki, buna rəğmən yürüş keçirmək, məsələləri siyasiləşdirmək lazım deyil.