ABŞ admiralı: "NATO-nun hərbi dəniz strategiyası rus donanmasının qarşısında "qocalıb"

Amerikalı admiral NATO-nu Rusiyaya görə öz strategiyasını dəyişməyə çağırıb. APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, bir müddət öncə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi təyin olunan admiral Con Riçardson NATO-nun hərbi dəniz strategiyasının yenidən nəzərdən keçirilməsinin tərəfdarıdır.


Bu barədə o, Venesiyada ABŞ hərbi dənizçiləri qarşısında çıxış edərkən deyib. Riçardson vurğulayıb ki, Rusiya özünün hərbi donanmasının idarəçilik bacarığını eynilə "güc tətbiqi hesabına məcburetmə" üsulunda olduğu kimi nümayiş etdirir. O, deyib: "İndi rus təhlükəsi, miqrasiya problemi, informasiya sistemlərinin inkişafı ilə bağlı çox şey dəyişib. Buna görə də, NATO-nun hərbi dəniz strategiyası yenidən nəzərdən keçirilməli və onun hazırki kompleks problemlərə adekvat olub-olmadığı müəyyən edilməlidir".


Nüfuzlu "Uoll Strit Cornel" nəşri isə Rusiyanın özünün hərbi dəniz strategiyasına 2011-ci ildə dəyişiklik etdiyini, NATO-nun isə həmin ildən bu məsələni sabit saxladığını xatırladır. 

Müəllif | Apa.Tv
Apa.tv