Gəncənin İmamzadə ziyarətgahında Aşura mərasimi - REPORTAJ
Gəncə şəhərindəki İmamzadə ziyarətgahında Aşura mərasimi keçirilib. APA TV-nın qərb bürosunun məlumatına görə, hər il olduğu kimi, bu il də Aşura mərasimi ziyarətgahda yeni salınan İmam Hüseyn meydanında qeyd olunub.
Gəncə və ətraf rayonlardan olan vətəndaşlar Tasua gecəsini keçirmək 23 oktyabr gecəsindən ziyarətgaha gəlməyə başlayıblar. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov bildirib ki, ziyarətə gələnlər üçün ərazidə 20-dən artıq çadır qurulub, orada insanlara çay və yemək verilir: "Yerli rəhbərlik tərəfindən ziyarətə gələnlərin təhlükəsizliyi tam təmin olunub: “Burada zəncir vurma, baş yarma kimi bəzi hallar yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin fətfasında öz əksini tapıbdır ki, başqalarını narahat edəcək dərəcədə ifrata varmaq olmaz. Burada sivil qaydada, əsl İmam Hüseynə layiq şəkildə matəm tədbiri keçirilir. Biz bundan fərəh hissi keçiririk, yüksək ruhla İmam Hüseyn matəmini keçiririk”.
Oktyabrın 23-dən başlayaraq Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin mərkəzindən ziyarətgaha vətəndaşları aparmaq üçün xüsusi avtobuslar ayrılıb. Gəncə Şəhər Baş Polis İdarəsi və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüblər. Tıxac yaranmaması üçün avtomobillər xüsusi dayanacaqlara yönəldilir.
Aşura günü ilə əlaqədar Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfindən İmamzadə ziyarətgahında qanvermə aksiyası təşkil olunub. Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov deyib ki, artıq səhər saatlarından etibarən ziyarətə gələnlər qan verməyə başlayıblar. İki saat ərzində 100-dən artıq vətəndaşın qan verdiyini nəzərə çatdıran Ə.Məmmədov aksiyada iştirak etmək istəyən insanların həkimlər tərəfindən müayinə olunduğunu söyləyib: “Onu da qeyd edim ki, Azərbaycanda qan xəstəlikləri, talassemiya, hemofiliyalı xəstələrin sayı nisbətən çoxdur. Onların yaşaması üçün qan vurulması məsləhət görülür. Bu insanların verdiyi qan həmin o uşaqların cavanların, qan xəstəsi olanların şəfa tapmasında böyük kömək olacaq”.
Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının 15 həkim briqadası ziyarətgahda fəaliyyət göstərir. Onlar özlərini pis hiss edənlərə yardım edirlər. Stansiyadan bildirilib ki, ziyarətə gələnlər arasında sağlamlıqlarında ciddi problem yarananlar hələ ki yoxdur.