Şəmkirdə bədbəxt hadisə: iki uşaq anasını elektrik cərəyanı vurdu
Şəmkirdə bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, 2 uşaq anası olan gənc qadın paltar yuyarkən cərəyan vurmasından ölüb.
Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. 27 yaşlı kənd sakini Jalə Bayramova səhər saatlarında hamamda patlar yuyarkən ehtiyatsız davranıb. İşlək vəziyyətdə olan paltaryuyan maşına əlini salan gənc qadını elektrik cərəyanı vurub.
Hadisə yerinə gələn qonşular təcili tibbi yardım çağırsa da, Jalə Bayramovanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verərkən mərhumun 5 və 7 yaşlı iki qız övladı da evdə olub.
Hadisə yerində dünyasını dəyişən gənc qadının meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib. İlkin araşdırma zamanı onun elektrik cərəyanı vurmasından ölməsi təsdiqini tapıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.