Zaqatalada yanğın, 30 ton ot bağlaması külə döndü

Zaqatalada mal tövləsi yanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Muxax kəndində Məmməd Ramazanovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 300 kv. m olan mal tövləsində baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mal tövləsinin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 30 ton ot bağlaması yanaraq yarasız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində yanan tövləyə bitişik tikilmiş qonşunun tövləsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

 

İlkin ehtimala görə, yanğına səbəb mal tövləsinin divarına vurulmuş elektrik sayğacından çıxan kabeldə baş verən qısaqapanma olub.

 

Faktla bağlı FHN-in Zaqatala rayon Dövlət Yanğın Mühafizə Hissəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov