Qaxda ağaca çırpılan "Mercedes" yanıb külə döndü
Qaxda baş verən yol qəzası nəticəsində bir nəfər ağır yanıq xəsarətləri alıb. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saat 08:14 radələrində Qax-Qorağan avtomobil yolunun 2-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki rayon sakini, 1990-cı il təvəllüdlü Tərlan Fərhad oğlu Cəbrayılov idarə etdiyi “Mercedes” markalı, 90 TZ 735 dövlət nömrə nişanlı avtomobillə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı qoz ağacına çırpılıb.
Hadisə nəticəsində avtomobildə yanğın baş verib. Sürücü Tərlan Cəbrayılov yanıq xəsarətləri almasına baxmayaraq, Yanan avtomobildən çıxa bilib. Hadisə yerinə FHN-in Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, avtomobil yanaraq yararsız hala düşüb. Yanıq xəsarətləri alan sürücü Tərlan Cəbrayılov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Qax MRX-dan APA TV-yə bildirilib ki, Tərlan Cəbrayılova hər iki qolu, baş-boyun və gövdənin arxa səthi 2-ci, 3-cü dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.