Unikal ürək əməliyyatlarının keçirildiyi Ürək-Damar Mərkəzindən REPORTAJ
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranması 2006-cı ilə təsadüf edir. Altımərtəbəli müasir cərrahiyyə korpusu müasir avadanlıqla təchiz olunub. 27 müalicə-diaqnostika bölməsini özündə birləşdirən ikinci müalicə korpusu isə 2013-cü il hərbi qulluqçuların istifadəsinə verilib.
APA TV-nin xəbərinə görə, bu günlərdə yaranmasının 2 illiyini qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-Damar Mərkəzinin rəisi, uzman doktor Anar Əmrahla görüşdük. Kardiocərrah hərbi təbabətimizdə qısa vaxtda onlarla uğurlu əməliyyata, bir sıra tibbi yeniliklərə imza atdıqlarını bildirib.
Tibb xidməti polkovnik-leytenantı Ana Əmrahın sözlərinə görə, ürək damarlarında EKOS tətbiqi adlı əməliyyat dünyada ilk dəfə olaraq azərbaycanlı hərbi həkimlər tərəfindən həyata keçirilib: "Çox böyük qürur hissi ilə deyə bilərəm ki, iki il əvvəl Azərbaycan prezidenti İlham Əliyevin hospitalla bağlı verdiyi tapşırıqlar uğurla yerinə yetirildi. İki il ərzində bir çox uğura imza atdıq. Bunlardan ən başlıcası dünyada ilk dəfə olaraq ağır miokard infarkt keçirmiş xəstə üzərində tac arteriyasını gücləndirilmiş ultra səs dalğaları ilə selektiv trombaliz edərək uğurlu nəticə əldə etdik. Bu da hərbi həkimlərin dünyada ilk dəfə tətbiq etdiyi böyük bir nəticə kimi bizi çox qürurlandırdı".
Son iki il müddətində Ürək-Damar Mərkəzində 1000-ə yaxın əməliyyat keçirilib ki, bunun 600-ü damar, 400-ü isə açıq ürək əməliyyatıdır. Əməliyyat edilmiş xəstələrin ən kiçiyi 9 aylıq körpə, ən yaşlısının isə 83 yaşı olub. Eyni zamanda mərkəzdə 1200-ə yaxın anjio müdaxilə əməliyyatı həyata keçirilib: "Əvvəllər ağciyərə tromb atılan xəstəyə ümidsiz baxılırdı. Hazırda isə bizin hospitalda bu uğurla müalicə olunur. İlk dəfə olaraq xüsusi kataterlə ağciyər arteriyasının massiv tromblezasiyası ilə qəbul edilmiş pasiyentə ağciyər arteriyasında selektiv tromboliz etdik. Eyni zamanda 6 xəstənin iki il ərzində ağciyərin trombolizasiyası xəstəliyini uğurla müalicə etdik. Bundan başqa, döş qəfəsi açılmadan aort qapaq yerləşdirilməsi üsulunu da ölkəmizdə ilk dəfə olaraq Baş Klinik Hospitalın Ürək Damar Mərkəzində gerçəkləşdirdik. Nəticə olaraq xəstəmiz uğurla evinə döndü".
Kardiocərrah anesteziya verilmədən, döş qəfəsi açılmadan aort qapağının protezləşdirilməsi əməliyyatını da uğurla həyata keçirdiklərini qeyd edib. O, əlavə edib ki, daha bir tibbi nailiyyət kök hüceyrə nəqli ilə bağlı olub: "Xroniki ürək çatışmazlığından əziyyət çəkən bir xəstəyə qarın nahiyəsindən kök hüceyrəsi alınaraq koronar arterialara selektiv olaraq yerləşdirilib. Eyni zamanda ayağında ağır işemiyası olan bir başqa pasientə də ayaq damarlarına kök hüceyrə nəql edilərək, ona sağlamlıq bəxş olunub".
Fürsətdən istifadə edib artıq sağlamlıqlarına qovuşan pasientlərlə də görüşdük.
- Hospitala ağır vəziyyətdə gəlmişdim. Ürəyimdə üç damar işləmirdi. Anar həkim başda olmaqla vaxtında olunan müdaxilə nəticəsində bu gün sağ-salamatam. İkinci gün əməliyyat olunmuşam, bu gün sağlıqla evimə dönürəm.
- Artıq şükürlər olsun ki, yaxşıyam. Bir həftədir burdayam. Həkimlərin səyi nəticəsində ölümdən döndüm. Əməliyyatdan bir həftədir çıxmışam. İndi evə getməyə hazırlaşıram.
- Bura necə gətirildiyimi xatırlamıram. Gözlərimi xəstəxanada açdım. Ailə üzvlərim də, mən də artıq yaşayacağıma inanmırdıq. Gətirildiyim gecə əməliyyat olundum. Gecə saat 3-də bitib əməliyyatım. İndi rahat yeriyirəm, nəfəs alıram, evə getməyə hazırlaşıram.
Hər kəs öz sağlamlığı üçün məsuliyyət daşıyır deyən Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzinin rəisi, uzman doktor Anar Əmrah insanlara vaxtında sağlamlıqlarına dəyər verməyi tövsiyə edir. Kardiocərrah orqanizm üçün zərərli vərdişlərdən vaxtında əl çəkməyi sağlam həyat tərzinə töhfə adlandırıb.