Ağsuda canavarlar sakinlərə hücum etdi: 2 yaralı

Dünən axşam saatlarında  Növcü kənd sakini, Ağdam qaçqını İlham Məhərrəmov qoyun otararkən canavar hücumuna məruz qalıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, əvvəlcə qoyun sürüsünə hücum edən canavar sonra İlham Məhərrəmova hücum edib.

 

Canavarla əlbəyaxa olan İlhamın səs-küyünə gələn yaxınlıqdakı kənd sakinləri onu canavarın əlindən almağa müvəffəq olublar.

 

Elə həmin gün qoyunlarını örüşdən gətirən Padar kənd sakini Bəhruz Bəhrəmov da həyət qapısının ağzında canavarla üz-üzə gəlib. Qoyunlara hücum edən canavarı qovmaq istəyən Bəhruz da canavarın hücumuna məruz qalıb. Canavarla əlbəyaxa olan Bəhruz müxtəlif dərəcəli xəsarətlər alıb. Səs-küyə gələn qonşular Bəhruzu canavardan xilas ediblər.

 

Dərhal Ağsu Mərkəzi Rayon Xəstəxanasına çatdırılan İlham Məhərrəmov və Bəhruz Bəhrəmova  tibbi yardım göstərilib. Hazırda hər iki yaralının vəziyyəti stabildir.

 

Hazırda yaralılar Ağsu Mərkəzi Rayon Xəstəxanasında müalicə olunurlar.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov