Bakıda soyuq hava şəraiti neçə gün davam edəcək? - PROQNOZ
Sinoptiklərin də əvvəlcədən verdiyi məlumata əsəsən, hazırda Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişib. Bu cür hava şəraitinin oktyabrın 29-dək davam edəcəyi proqnozşaldırılır. Belə ki, hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək.
ETSN Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Oktyabrın 27-də şimal-qərb küləyi gündüz mülayimləşəcək: "Arabir güclənən şimal küləyi əsəcək. Yarımadanın bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Temperatur günorta saatlarında 12-15 dərəcə arasında dəyişəcək".
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 27-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək: "Havanın temperaturunun aran rayonlarında gündüz saatlarında 13-17 dərəcə, dağlıq rayonlarda 8-13 dərəcə isti olacağı gözlənilir".
Şimal küləyinin üstünlük təşkil etməsi isə bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Bunu şəhər sakinləri də təsdiqləyir:
- Birdən-birə uzun müddət isti oldu, sonra qəfildən soyuq düşdü. Bir az isti oldu, yenə soyuq. Səhhətimə pis təsir edir. Əhval-ruhiyyəmə də pis təsir edir.
- Tutqun havanı sevmirəm. Amma sərindir deyə sevirəm. Havayla əlaqədar əsasən baş ağrıları olur.
- Hər iki fəslə uyğun geyinmək lazımdır. Qrip oluram daha çox.
- Mən Rusiyada yaşamışam deyə soyuğa öyrəşmişəm, mənə pis təsir eləmir.
- Sağlamlığa görə deyirsinizsə, bəzi xəstəliklərdən qorunmaq üçün evdə balaca uşaq var, birincisi, ev temperaturuna fikir verirəm. Sonra uşağın qidalanmasına. Dərmanlardan istifadə etməməyə çalışıram. Geyim baxımından nəyimiz var, geyinib çıxırıq.