"Bank of Baku" ilə "Məhdudiyyətlərə meydan oxuyaq!" - SOSİAL LAYİHƏ
Fiziki əngəlli olsalar da oxudular, təhsil aldılar, inkişaf etdilər. Özlərinə biznes qurdular, tanındılar. İndi isə birlikdə "Məhdudiyyətlərə meydan oxuyaq!" deyəcəklər. "Bank of Baku"nun fiziki əlilliyi olan şəxslərə dəstək olmaq üçün icrasına başladığı layihəsi belə adlanır.
APA TV-nin xəbərinə görə, layihənin rəsmi açılış mərasimində iştirakçılar, təlimçilər, tərəfdaş şirkətlərin məsul şəxsləri, KİV nümayəndələri, eləcə də məhdudiyyətlərə baxmayaraq uğur əldə edə bilən və öz uğurları ilə iştirakçılar üçün əsl örnək olan qonaq spikerlər qatılıb.
Rəsmi açılışdan sonra layihə iştirakçıları Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov tərəfindən "Psixologiya və Motivasiya" mövzusunda təlimdə iştirak ediblər.
Ümumilikdə 37 nəfər fiziki əlilliyi olan şəxsi həyata edən bu layihə çərçivəsində iştirakçılar hər biri ayrılıqda bir həftə davam edəcək 4 mövzu ətrafında yerli ekspertlər tərəfindən keçiriləcək təlimlərdən faydalana biləcəklər.
"Bank of Baku"nun reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Nigar Tahirova deyib ki, bir ay ərzində iştirakçılar bloqçuluq, şəbəkə administratorluğu, sosial şəbəkələrin idarəedilməsi, Məlumat Mərkəzi işi təlimlərində iştirak edəcəklər: "37 nəfər iştirakçı olacaq. İştirakçılar sonda "Bank of Baku" tərəfindən sertifikatla təmin olunacaqlar. Üstəlik, onların işlə təmin olunmasını tezləşdirmək üçün həmin iştirakçılar haqqında məlumatlar yayılacaq".
Tədbirdə işlərində uğur qazanmış fiziki məhdudiyyətli şəxslər öz uğur hekayələrini paylaşıblar. 27 yaşlı Coşqun Məmmədov deyir ki, bu təlimləri öz üçün bir şans hesab edir. Uşaqlıqdan əzələ zəifliyindən əziyyət çəkən Coşqun bütün əngəlləri aşmağa hazır olduğunu deyir: "Ümid edirəm ki, nəticəsi olacaq. O sertifikatlar, sadəcə, masa üzərində qalmayacaq. Hansısa bir işdə, şirkətdə keçərli olacaq".
Murad Məmmədov da bu təlimlərdə yeni şeylər öyrənərək onu öz karyerasında istifadə etməyi planlaşdırır: "Həmçinin bloqqer kimi fəaliyyət göstərdiyim üçün mənə faydalı olacaq. Əlilliyi olan şəxslər də gərək bu təlimdən istifadə etsinlər".
Cəmiyyətdə əlilliyi olan şəxslərə diqqət və qayğısını artırmaq məqsədilə "Bank of Baku" layihənin davam edəcəyi 1 ay ərzində öz rəsmi sosial şəbəkələrində "meydanoxu" həştəqi ilə sosial şəbəkə istifadəçilərini də məhdudiyyətlərə meydan oxumağa çağıracaqlar