Azərbaycan prezidenti Yaponiyanın dövlət nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin məlumatına görə, Azərbaycanla Yaponiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı A.Amarinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əlaqələrin inkişafı istiqamətində yeni addım olacağına və əməkdaşlıqla bağlı imkanların araşdırılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

 

Azərbaycan prezidenti qeyd edib ki, ölkəmizin dostu olan A.Amarinin Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsi və Azərbaycanda gedən işlərlə yaxından tanış olması önəmlidir. Dövlət başçısı nümayəndə heyətinin tərkibində böyük şirkətləri təmsil edən iş adamlarının olmasını da məmnunluqla qeyd edib.

 

A.Amari isə prezident İlham Əliyevlə sonuncu dəfə 2006-cı ilin martında dövlət başçısının Yaponiyaya səfəri zamanı görüşdüyünü məmnunluqla xatırlayıb. O, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi özünün ölkəmizə 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində sanki yeni bir şəhərə düşdüyünü vurğulayıb, bütün bu nailiyyətləri prezident İlham Əliyevin uğurlu rəhbərliyinin nəticəsi kimi dəyərləndirib.

 

Görüşdə Azərbaycanla Yaponiya arasında əməkdaşlığın enerji, neft-kimya, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv