Toni Bler: "İŞİD-in yaranmasına səbəb NATO-nun İraqı işğal etməsi oldu"

"İraqa hücum İŞİD-in yaranmasının əsas səbəbidir". APA TV-nin xəbərinə görə, bu açıqlamanı Böyük Britaniyanın keçmiş baş naziri CNN telekanalına müsahibəsində "İslam dövləti" qruplaşmasının yaranmasının əsas səbəblərindən birinin 2003-cü ildə NATO-nun İraqa qoşun yeritməsi olduğunu söyləyib.

 

Eyni zamanda siyasətçi keçmiş diktator Səddam Hüseynin devrilməsindən təəssüflənmədiyini də gizlətməyib. O deyib ki, 2003-cü ildə Səddam Hüseyni devirənlərin İraqda yaranmış hazırki vəziyyətdə məsuliyyət daşıması məsələsində həqiqət payı var.

 

Keçmiş baş nazir həmçinin yanlış kəşfiyyat məlumatları nəticəsində ölkənin işğal edilməsi, eləcə də Səddam Hüseynin devrilməsindən sonra ölkəni bürüyən xaosa görə İraq xalqından üzr istəyib. Qeyd edək ki, İraqı işğal etməzdən əvvəl İngiltərə və ABŞ Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğunu iddia edirdi. Lakin yekun nəticədə koalisiya dövlətlərinin bu iddiaları iflasa uğradı.

 

Bu arada bəzi siyasi analitiklər Toni Blerin səmimiyyətinə şübhə ilə yanaşır. "Ze Brudjes Qrup"un siyasi şərhçisi Robers Oulds qeyd edib ki, yanlış siyasət səbəbindən "Bəəs"çilərin bir çoxu öncə "al-Qaida"ya, ardından isə İŞİD-ə qoşulub. Yekunda onlar İŞİD kimi daha qorxunc bir təhlükəyə çevrilib: "Mən belə hesab edirəm ki, Blerin hazırkı çıxışı özünə bəraət qazandırmaqdan başqa bir şey deyil".

Müəllif | Apa.Tv
Apa.tv