Aşura günü oğurluq edənlər: "Kasıbdan aparmamışıq, imkanlı şəxsdən oğurlamışıq"
Goranboy rayonunda oğurluq hadisəsi qeydə alınıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Qızılhacılı qəsəbəsində yerləşən ərzaq mağazanın qapısı sındırılaraq oradan ödəniş terminalı oğurlanıb.
Hadisəni oktyabrın 24-ü səhər saatlarında 5 nəfərdən ibarət dəstə törədib. Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədənlərdən Vaqif Hüseynov, Elşən Qurbanov, İlkin Şıxıyev, Sadıq Sadıqov şəxslər saxlanılıb. Elçin adlı şəxsin axtarışları isə davam edir.
Aparılan araşdırma zamanı məlum olub ki, onlar ödəmə terminalını oğurladıqdan sonra Xanqərvənd kəndinə aparıblar. Kənddə terminalı kustar üsulla açan 5 nəfər içərisindəki 3036 manatı götürüb. Dəstə üzvləri pulu öz aralarında bölüblər. Onlar hadisəni ehtiyac və borcları olduğu üçün törətdiklərini deyiblər. Bəziləri isə törətdikləri əməldən peşman olmadıqlarını bildirirlər. Oğurluq edənlər peşman olmadıqlarını deyiblər:
- Sözüm odur ki, peşman deyiləm. Ehtiyacım olub, eləmişəm. Kasıbdan aparmamışam. İmkanlı şəxsdən aparmışam.
- Aparata görə peşmançılığım yoxdur. Kasıbdan aparmamışam, hökumətin puludur. Bircə peşmanam ki, Goranboyda belə iş görmüşəm.
Qeyd edək ki, İlkin Şıxıyevdən başqa dəstənin digər üzvləri əvvəllər məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.