Dostunu bıçaqlayan Bakı sakini: "Ona dedim ki, ayıbdır, çörək kəsmişik"

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Bakı şəhər sakini Alı Eldar oğlu Alıyev kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan yaralının həyatını xilas etmək mümkün olub.

 

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə məlumat verilib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis xuliqanlıq zəminində Alı Alıyevin sağlamlığına qəsdən ağır zərər vurmaqda şübhəli bilinən Bakı sakini Xaliq Kələntərovu saxlayıb. Saxlanılan şəxs istintaqa ifadəsində törətdiyi əməli etiraf edib. Alı Alıyevlə yaxın dost olduğunu deyən Xaliq Kələntərov hadisə zamanı hər ikisinin sərxoş olduğunu bildirib: "Dedim qalsın səhərə, səhər söhbət eləyərik, içki aləmdir. İçkili olmuşuq, o da mən də. Bir yerdə çörək yemişik. Köhnə söhbət yadına düşmüşdü, deyinirdi öz-özünə. Dedim ki, gecdir, gedək, səhər söhbət eləyərik ayıq başla, bir-birimizi başa düşərik. Qardaşıq, çörək kəsirik, ayıbdır, neçə ilin dostuyuq".

 

Xaliq Kələntərovun sözlərinə görə, "dost" adlandırdığı Alı Alıyevi onu həm söydüyü, həm də vurduğu üçün bıçaqlayıb: "Onu vurmaq məqsədim olmayıb. Qardaşıq, çörək kəsirik. Mən elə düşüncənin yiyəsi deyiləm. O, məni vurmasaydı, görüşüb, öpüşüb gedərdim. Söymüşdü, deyərdim ki, eybi yox, səhər söhbət eləyərik. Amma vurmağını... Mən bu vəziyyətdə... Kimə xoş olar?"

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv