Parlament seçkiləri medianın gözü ilə - “Seçkilər” Media Mərkəzindən REPORTAJ

“Noyabrın 1-də Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Bu tarix yaxınlaşdıqca ölkədə seçki ab-havası daha çox hiss olunmağa başlayır. Bu mövzuya həsr olunmuş saytların, resursların, informasiya portallarının da sayı artır. Bu günlərdə fəaliyyətə başlamış "Seçkilər" Media Mərkəzi və "Seçki-2015.az" saytı da belə media strukturlardan biridir”. Bu fikirləri APA TV-yə müsahibəsində "Seçkilər" Media Mərkəzinin rəhbəri Vüqar Xəlilov deyib.

 

Onun sözlərinə görə, hazırda mərkəzdə 20-yə yerli KİV nümayəndəsi çalışır: "İşimiz demək olar ki, non-stop formatında keçir. Mərkəzin yaradılmasında əsas məqsəd 2015-ci il Milli Məclisə seçkilər, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki institutlarının, müşahidə missiyalarının, "exit-poll" keçirən təşkilatların fəaliyyəti, namizədlər və s. haqqında Azərbaycan ictimaiyyətini, yerli və xarici jurnalistləri obyektiv və dolğun məlumatlandırmaqdır".

 

Vüqar Xəlilovun sözlərinə görə, "Seçkilər" Media Mərkəzi noyabrın 7-nə kimi fəaliyyət göstərəcək: "Artıq mərkəzin sosial şəbəkələrdə Facebook və Twitterdə  akkauntlarımız var. Bütün e-mail adreslərimiz açıqdır. Yerli KİV nümayəndələri artıq bizim məlumatlarımıza istinad edirlər, xarici jurnalistlər isə suallarını göndərir, bu suallar tərəfimizdən dərhal cavablandırılır. Bundan başqa Rusiya Federasiyasından seçkilərin gedişatını işıqlandırmaq üçün 20-yə yaxın KİV nümayəndəsi Bakıya gəlib. Artıq ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıq haqqında informasiyalar onların vasitəsi ilə Rusiyanın aparıcı KİV-də öz əksini tapıb".

 

Vüqar Xəlilov qeyd edib ki, "Seçki-2015.az" saytı dövlət orqanları, Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələr quraraq yerli və xarici ictimaiyyətin diqqətinə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəylərini, açıqlama və bəyanatlarını təqdim edir, habelə seçki prosesi ilə bağlı bütün məsələləri geniş işıqlandırır.

 

Seçki-2015.az saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

 

Seçkilərlə bağlı ən son və ətraflı məlumatları, fotoşəkilləri və videoları bu saytdan əldə edə bilərsiniz.

 

Seçkilərlə bağlı ən son və ətraflı məlumatları, fotoşəkilləri və videoları “Seçki-2015.az” saytından əldə edə bilərsiniz.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı