Sahibkarlar prezident İlham Əliyevə müraciət qəbul etdilər

"Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" mövzusunda sahibkarlarla görüş keçirilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqlənib. O, əlavə edib ki, gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında prezidentin fərmanı da ölkə başçısının biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı sahəsində gündəlik qayğısının təzahürüdür.

 

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, sahibkarlar bundan sonra daha diqqətli olmalı, məsuliyyətlərini artırmalıdırlar: "Lisenziyaların sayının azaldılması, proseduraların sadələşdirilməsi, şəffaflığın təmin olunması ilə bağlı təkliflər hazırlanır. Lisenziyaların verilməsi "ASAN Xidmət" tərəfindən həyata keçiriləcək. "ASAN xidmət"in də öz tələbləri var. Ona görə də İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarına təlimlər keçirilir".

 

Konfransda çıxış edən sahibkarlar prezident İlham Əliyevin  sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Sahibkar Elşad Abbasov: "Bu, bizim işimizi asanlaşdıracaq, məsuliyyətimizi artıracaq. Həmçinin yeni iş yerlərinin açılmasına, biznesin böyüdülməsi, yeni məhsulların istehsalına yönəldəcək".

 

Sahibkar Vəfa Muradzadə: "Çətinliklərimiz var idi, vergi ilə, digər dövlət qurumları ilə bağlı problemlər olurdu. Bu sərəncamı bütün sahibkarlar gözləyirdi. Yoxlamaların iki il müddətində dayandırılması bir ümid yaradıb, dirçəliş yaradıb".

 

Azərbaycan sahibkarları prezident İlham Əliyevə müraciət qəbul edib. Müraciətdə deyilir: "Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi məqsədi ilə özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və təşəbbüsünüzlə Milli Məclisdə qəbul olunan qanunu, imzaladığınız fərmanları sahibkarlığın inkişafı üçün atılan inqilabi addımlar kimi qiymətləndiririk".

 

Qeyd edək ki, Azərbaycan prezidenti sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə bağlı qanunu imzalayıb

 

Müəllif | Apa.Tv