“ELS” noyabrın 1-də 1180 seçki məntəqəsində “exit poll” keçirəcək
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Trend İnformasiya Agentliyinin dəstəyi ilə Milli Məclisə seçkilərdə “exit-poll” keçirməsi ilə bağlı mətbuat konfransı keçirib.
APA TV-nin xəbərinə görə, Mərkəzin sədri İradə Yaqubova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “exit poll” keçirməsi qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəz 2008-ci ildən bəri baş tutan bütün seçkilərində “exit poll” keçirib: "Bu gün biz atdığımız bir çox addımları neçə illərin təcrübəsindən irəli gələrək edirik. “Exit poll” seçki günü seçki məntəqələrində səs verib seçki məntəqələrini tərk edən seçkilərin sorğusu deməkdir. Bu, sorğu ilə bərabər, həm də ictimai nəzarətin həyata keçirilməsidir. Çünki həmin gün təkrar səsvermə baş verir. Hər seçki məntəqəsinin çıxışında iki intervuyer dayanır. Həmin intervuyerlər məntəqəni tərk edən seçiciləri saxlayıb, orada onlara anonim və məxfi anketin doldurulmasını təklif edirlər".
İradə Yaqubova deyib ki, hazırda “exit poll” keçirəcək kadrların təlimləri başa çatıb və sabahdan etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq. Mərkəz 118 dairə üzrə 1180 seçki məntəqəsində “exit poll” keçirəcək. Budəfəki “exit poll”un keçirilməsi üçün 2600-ə qədər kadr cəlb olunub və onlar könüllülük prinsipləri ilə fəaliyyət göstərirlər.