Tovuzdan avtomobil qaçıran Gəncə sakinləri həbs edildi

Tovuzda avtomobil oğurlayan Gəncə şəhər sakinləri saxlanılıb.

 

APA TV-nın qərb bürosunun məlumatına görə, Baş Cinayət-Axtarış İdarəsi və Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Tovuzun Əyyublu kəndindən avtomobil qaçıran iki nəfər həbs edilib.

 

Avtomobilin kənddən çıxarılması təhlükəsizlik kamerasına düşüb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluğu Gəncə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Anar Hüseynov və onun qonşusu, 1979-cu il təvəllüdlü Vüqar İsmayılov törədib.

 

Anar Hüseynov: "Maşını qaçırmağı mən təklif eləmişəm. İçdik, kefli olduq, getdik də".

 

Vüqar İsmayılov: "Bir səhvdir eləmişik, utanırıq. Allah şeytana lənət eləsin. Bir hadisədir elədik".

 

Müstəntiq İlqar Abdullayevin dediyinə görə, iki dost oğurluğun izini itirmək üçün oğurladıqları "VAZ"ı hissələrə bölərək digər avtomobilə yığıblar: "Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin cinayət işi üzrə maddi sübut “VAZ-2105” markalı avtomobil Gəncə şəhərində yaşayan Hüseynov Anar Famil oğlunun həyətində tam sökülərək istismara yararsız halda götürülüb".

 

Məlumata görə, saxlanılanlardan Vüqar İsmayılov əvvəllər də bir neçə cinayət törədərək məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli